Oktyabrın 9-da Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə Ümumdünya Poçt Günü münasibətilə “Poçtun rəqəmsal yolu: ənənədən gələcəyə körpü” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, xatirə şəkli çəkdiriblər.
Nazirliyin iclas zalında davam edən tədbirdə Nazirliyin Aparatının və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları iştirak edib. Tədbir çərçivəsində torpaqlarımız uğrunda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin başlanğıcında Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini – nazir vəzifəsini icra edən Azər Məmmədrəhimovun tədbir iştirakçılarına ünvanladığı təbrik məktubu səsləndirilib, sonra çıxışlar bölməsinə keçilib.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbəri Əziz Hümbətov, Nazirliyin əməkdaşları İsmayıl Qəribli, Nazim Babayev və Azər Seyidov, “Naxçıvanpoçt” MMC-nin direktor müavini Sevinc Rzayeva, eləcə də əməkdaşları Bülbültəkin İsmayılova və Nərgiz Bağırlı çıxış edərək poçt sahəsinin tarixi inkişaf yolu, rəqəmsallaşma istiqamətində görülən işlər və gələcək perspektivlər barədə fikirlərini bölüşüblər.
Tədbirdə həmçinin, poçt sahəsinin keçdiyi inkişaf mərhələlərini, rəqəmsal xidmətlərə keçid və son illərin nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunub.
Əlamətdar gün münasibətilə Naxçıvanpoçt -un yeni veb-saytı və loqosu da təqdim olunub. Loqo və sayt barədə ətraflı təqdimat edilib, onların rəmzi mənası və istifadəsi ilə bağlı iştirakçılara məlumat verilib.
Tədbirin sonunda poçt sahəsində fəallığı və səmərəli fəaliyyəti ilə fərqlənən bir sıra əməkdaşlara fəxri fərmanlar, təşəkkürnamələr və simvolik hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Naxçıvanda poçt sahəsi müasir tələblərə uyğun şəkildə inkişaf etdirilərək ənənəni qorumaqla yanaşı, rəqəmsal gələcəyə doğru inamla irəliləyir.