Zəfər Gününə həsr olunmuş “Zəfərin Səsi” intellektual oyunu keçirilib
news_img

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 07 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasında Zəfər Günü münasibətilə “Zəfərin Səsi” adlı “Nə? Harada? Nə zaman?” formatlı intellektual oyun təşkil olunub. 

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Zəfər Günü münasibətilə çıxış edən Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov qeyd edib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və Ordumuzun şücaətinin təntənəsidir. O bildirib ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən qələbə Azərbaycan tarixində yeni bir mərhələ açıb.  Həmçinin, “Zəfərin Səsi” adlı intellektual oyunun əməkdaşlarda bilik və komanda bacarıqlarının inkişafına xidmət etdiyini qeyd edib. Yarış iştirakçılarına uğurlar arzulayaraq, belə tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıb.

İntellektual yarışda Nazirliyin strukturuna daxil və tabeliyində olan qurumların əməkdaşlarından ibarət dörd komanda iştirak edib.

Oyun iki turdan ibarət olub. Hər turda 15 sual olmaqla, ümumilikdə 30 sual təqdim edilib. Komandalar cavablarını yazılı şəkildə təqdim edib və hər düzgün cavab 1 balla qiymətləndirilib. Yarışın sonunda nəticələr hesablanaraq qaliblər müəyyən olunub.

İntellektual oyunun qalibi “Naxçıvanpoçt” MMC-nin əməkdaşlarından ibarət “N-poçt” komandası olub. Qalib komanda hədiyyələrlə mükafatlandırılıb, bütün komanda üzvlərinə isə iştirakına görə Təşəkkürnamələr təqdim edilib. Tədbirin sonunda “Şəhidə məktub” adlı videoçarx nümayiş etdirilib.

Bu kimi tədbirlər gənclərin intellektual inkişafına, komanda ruhunun və birgə fəaliyyət bacarıqlarının formalaşmasına xidmət edir.