1 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi cənab Ceyhun Cəlilovun rəhbərliyi ilə keçirilmiş müşavirədə verilən tapşırıqların icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən növbəti olaraq Ordubad, Şahbuz, Kəngərli və Sədərək rayon icra hakimiyyətləri ilə onlayn görüşlər təşkil edilib.
Görüşlərdə Ordubad, Şahbuz, Kəngərli və Sədərək rayon icra hakimiyyətlərinin başçıları, nazirliyin və icra hakimiyyətlərinin müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov nazirlik və tabeli qurumlar tərəfindən həyata keçirilən layihələr, mövcud vəziyyət, vətəndaş müraciətləri və sahə üzrə cari problemlər barədə geniş məlumat verib.
Rayon icra hakimiyyəti başçıları da çıxış edərək rayon ərazisində telekommunikasiya, poçt və nəqliyyat xidmətləri ilə bağlı mövcud problemləri, habelə onların həlli istiqamətində təklif və mövqelərini bildiriblər.
Görüşlər zamanı xidmətlərin keyfiyyətinin yüksəldilməsi, qurumlararası əməkdaşlığın gücləndirilməsi, infrastrukturun yenilənməsi və operativ tədbirlərin icrası ilə bağlı ətraflı müzakirələr aparılıb.
Onlayn müzakirələrin yekunu olaraq aidiyyəti qurumlara mövcud çatışmazlıqların aradan qaldırılması, əhaliyə göstərilən xidmətlərin daha da yaxşılaşdırılması və müəyyən edilmiş tapşırıqların vaxtında icrasının təmin edilməsi ilə bağlı konkret göstərişlər verilib.